пятница, 1 апреля 2011 г.

Daş və Xidmət. Naxçıvanda qul əsgərlər


Daşın nə olduğunu hamı bilir və onun mənası da sözsüz ki hamıya məlumdur. Naxçıvanda isə “Daş” sözünün daha bir mənası var. Sizdən soruşsalar ki, “Daşda olmusan?” bu o deməkdir ki, müsahib sizdən öyrənmək istəyir, siz əsgərlərin dağlarda çıxartdığı daş karyerində olmusunuzmu.
Naxçıvanda piyada qoşunlarının bir qrup əsgəri dağlarda daş çıxarmaqla məşğuldur. Əvvəlcə sizə yerdən çıxarılan daş haqda məlumat verim. Naxçıvanın hər yeri bu daşlarla bəzədilir. Min illər boyu torpağın altında lay-lay yatan bu daşların qalınlığı 10 sm-dən 30-40 sm-dək olur sahəsi isə bəzi hallarda bir neçə hektara çatır. Nəhəng traktorlar torpaq kürəyənləri ilə yeri eşib bu daşları qoparır əsgərlər isə hər daşa 3-4 əsgər olmaq şərti ilə bu daşları traktorun altından götürüb 70-100 metr aralıqda üst-üstə toplayırlar. Əsgərlər iki qrupa bölünür, yükləmə qrupu və daşıma qrupu. Yükləmə qrupu toplanmış daşları hərbi KAMaz-lara yükləyir, KAMazlar isə bu daşları Naxçıvan şəhərinə daşıyırlar.

Mənim “daş”-la  tanışlığım 2005-ci ilin dekabr ayına təsadüf edir. Onda mən hərbi xidmətə yeni gəlmişdim. Bir ay xidmət etdikdən sonra məni tağım komandiri kimi daşa ezam etdilər. 20-25 dərəcə şaxta olmağına baxmayaraq daşda qızğın iş gedirdi. Bir neçə zabitin nəzarəti altında üst başları cırıq, çoxunun isə ayağında şap-şap olan 50-yə yaxın əsgər dərin çuxurdan sürüşə-sürüşə dayanmadan daş çıxarıb kənara yığırdılar.

Karyerin yaxınlığında əsgərlər üçün çadırlar quraşdırılmışdı. Dörd nəfərlik çadırda yeddi bəzən isə səkkiz əsgər qalırdı. Qışın soyuğundan əsgərləri balaca odun sobası qoruyurdu, odun olmadığından onlar sobanı tikan kolu, parça, salafan və əllərinə keçən yana biləcək nə var idisə onunla qalayırdılar. Düzdü hərbi hissədən yandırmaq üçün daş kömur göndərirdilər lakin bu kömürün xeyirindən çox ziyanı var idi. Kömür yanan çadır qap-qara olurdu yuxudan duranda isə əsgərlərin boğazlarından qara palçıq çıxırdı ona görə də zavallılar tikana parçaya üstünlük verir və soyuqdan şikayət etmirdilər.

Hava şəraitindən asılı olmayaraq daşda iş dayanmırdı. Əsgərlərin gigiyenasından isə söhbət gedə bilməzdi. Həftədə bir dəfə yük maşını ilə əsgərləri hamama aparırdılar amma bu hər həftə baş vermirdi çünki hamam daşdan 30 km aralıda yəni Hərbi Hissədə idi. Hamam əsgərlərin bütöv bir gününü apapırdı buna görə daşda iş dayanmalı idi. Iş isə dayana bilməzdi çünki daşda pul var idi. Bu səbəbdən əsgərlər çimməyə yarı-yarı gedidilər bir həftə bir yarısı obiri həftə isə qalan hissəsi.

Daşın əsgərləri yayda da əziyyət çəkirdilər. Yayda havanın hərarəti 40-ı aşanda Hərbi hissədə xüsusu qaydalar qüvvəyə minirdi. Saat 11-dən 17-dək əsgərlər kazarmaları tərk edə bilməzdilər bundan əlavə hər kazarmada nəhəng su qabları quraşdırılırdı və hər yarım saatdan bir əsgərlər bir stəkan su içməli idilər.

Yayda havanın hərarəti 40-ı aşanda daşda da dəyişikliklər baş verirdi. QALX komandası saat 7:00-da deyil 5:00-da verilirdi. Işə 9:00-da deyi 06:30-da gedirdilər ki, saat 11-dək daş çıxarsınlar. Saat 11-də isə günün altında soba kimi qızmış çadırlara girirdilər. Nizamnaməyə görə havanın hərarəti 40-ı aşanda əsgər kazarmanı tərk edə bilməz, bunların kazarması isə çadır idi. Saat 17-dən 20-dək əsgərlər yenidən daş çıxarırdılar.

Bir hadisəni mən heç vaxt yadımdan çıxarmaram. Mənim tağımımda bir əsgər var idi. Şərur rayonunun Maxta kəndindən idi. Hamı ona Maxtalı deyirdi. Bu əsgər daşa gələn kimi dedi ki, o işləməyəcək. Bu xəbəri digər əsgərlər hiddətlə qarşıladılar. “Sən kimnən artıqsan?”, “Biz işləyiriksə sən də işləyəcəksən”, “İşləməyəcəksənsə biz səni çörəyə yaxın buraxmayacağıq”. Hər tərəfdən onun üstünə düşmüşdülər. Əsgərlərin arasına girib tərəfləri araladıq. Daşda heç kim işləməyə bilməzdi. Ona görə də tezliklə hamının hirsi soyudu. Bir azdan əsgərləri karyerə aparmaq üçün düzülüş komandası verildi və onda gördük ki, Maxtalı yoxdur. Hər yeri axtarmışdıq Maxtalıdan əsər əlamət yox idi. 3 saatdan sonra Hərbi Hissədən zəng vurdular ki, Maxtalı oradadır. Hər dəfə ərzaq gətirməyə düşəndə Maxtalını tutub gətirirdilər daşa və hər dəfə o qaçıb gedirdi. Bir dəfə də ərzaq gətirməyə mən düşdüm. Ambarın yanında Maxtalı ilə rastlaşdım. Heç nə olmayıbmış kimi onu yanıma çağırdım və dedim ki, ərzaqı maşına yığmağa kömək etsin. O da başını aşağı salıb ərzaqı maşına yükləməyə başladı. Adətən ərzaq gətirməyə gedəndə özümüzlə bir əsgər də aparırdıq ki, bizə kömək etsin. Maxtalı sonuncu torbanı maşına qaldıran kimi özümlə gətirdiyim əsgərə işarə elədim ki, qalxıb Maxtalını orada saxlasın. Özüm isə kabinə minib sürücüyə dedim ki, tərpənsin. Nəyin bahasına olursa olsun bu dəfə Maxtalını buraxmamaq qərarına gəlmişdim. Lakin elə həmin gün Maxtalı imkan tapıb, daş aparan maşınların birində, daşların arasında gizlənərək, aradan çıxa bilmişdi. Bu hadisə məni çox əsəbiləşdirdi və buna görə növbəti ərzaqa da özüm getdim. Mən Maxtalıya nifrət edirdim o mənim düşmənim idi. Sözün açığı Maxtalının bu hərəkətlərini komandanlığa məruzə etsəydik onu ya daşa ya da həbsə göndərərdilər lakin biz bunu edə bilmirdik çünki o daşdan çox, həbsə gedə bilərdi. Hardasa 2 illik işi vardı boynunda. Amma bu hərəkəti biz alçaqlıq saydığımızdan məruzə etmirdik. Bu dəfə səbir kasası dolmuşdu, mən onu aparmalı idim. Hərbi hissəyə çatan kimi Maxtalını axtarmağa başladım. Onu tibb məntəqəsinin yanında tapdım. Yerə oturub nə isə fikirləşirdi. Sakitcə yaxınlaşıb onun qolundan tutdum. Yazıq uşaq dik atıldı.

-- Komandir mən daşa getməyəcəyəm.
-- O sənə elə gəlir. Mən indi səni qərargaha aparıram, sonrasına baxarıq
-- Komandir mən daşa getməyəcəyəm.

Sözlərinə əhəmiyyət vermədən apardım onu qərargaha. Qərargahın yanında Hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini ilə, sadə dildə desək zampolitlə rastlaşdıq. Hərbi salam verib ona müraciət etdim.

-- Yoldaş polkovnik mən bu əsgəri daşa apara bilmirəm. Hər dəfə qaçıb gəlir Briqadaya.
-- Qudurmusan əsgər? – deyə polkovnik ondan soruşdu
-- Xeyir yoldaş polkovnik mən.........
Bundan sonra Maxtalı durmadan danışmağa başladı. O danışdıqca gözləri dolur mən isə necə alçaq adam olduğumu başa düşürdüm. Sən demə Maxtalının atası da daş çıxardandır və o 12 yaşından daşda işləyir. Hər gün səhərdən axşamadək o atası və qardaşı ilə daşa gedir atası xırda traktorla daş çıxarır Maxtalı da qardaşı ilə bu daşları ZİL-ə yığırdı. Axşam daşı bazara çıxarırdılar. Müştəri tapılan kimi daşı aparıb onun evinə boşaldırdılar. Daşlar qırılmasın deyə onu əllə maşından yerə endirirdilər. Bunun necə ağır iş olduğunu mən bilirdim. Daşın əlindən Maxtalı məktəbə də getməmişdi. 18 yaşı tamam olar-olmaz uşaq öz ayağı ilə gəlir hərbi komissarlığa. Deyir hərbiyə gəlməkdə onun məqsədi nə isə öyrənmək olub. Amma taleyin oyunu elə gətirib ki, o oddan çıxıb alova düşüb. Yazıq əvvəl 1 dənə ZİL doldururdu, hərbiyə gələndə isə onu 7 KAMaz doldurmağa məcbur ediblər.

Onu dinlədikcə mən başa düşürdüm ki, normal bölükdə Maxtalı ideal əsgər ola bilərdi. Maxtalı hərbidə qulluq etmək istəyirdi qul olmaq yox.

Maxtalının hekayəsini səbirlə dinləyən zampolit üzünü mənə çevirdi.

-- Bunu qaldırırsan ərzaq maşınına. Düz aparırsan daşa, əgər bir də qaçsa mənə raport verirsən mən də onu fərariliklə göndərirəm zindana.
-- Oldu

Maşına qədər heç birimiz danışmırdıq. Sakitcə yan-yana gedirdik. ZİLin bortuna qalxanda Maxtalını səslədim.

-- Maxtalı səni mətbəxə təyin edəcəm.
-- Sağ ol komandir – deyib ərzaqların arasında itdi.
Daşa çatan kimi maşından düşdüm yük yerinə yumruqla vurub qışqırdım ki, Maxtalı ərzaqları versin. Lakin ZİLdən səs çıxmadı. Maxtalı yox idi. Mən də heç yerə məruzə etmədim heç etməzdim də. Yazıq kifayət qədər daş daşımışdı bura onun yeri deyildi. Səhəri gün Maxtalıdan soraq gəldi o hospitalda idi. Hospitalda demişdi ki, hərbi hissədəki, tikintidə yıxılıb. Onun qolu sınmışdı üz-gözü çapılmışdı bədənində isə çoxsaylı əziklər var idi. İstirahət günü onun yanına getdim. Əmin idim ki, tikinti məsələsi yalandır. O da məndən heç nə gizlətmədi. Daşa beş km qalmış sərt döngə var, Maxtalı o döngədə özünü maşından yerə atmışdı.       

              

1 комментарий:

Gulara Azimzadeh комментирует...

cox maraqli hekaye etmisen... duzu bundan xeberinm yox idi yeni dash meselesi tesekkurler...