пятница, 8 апреля 2011 г.

9-cu vaqon.



Bir dəfə necə olubsa Bakıdan çıxan qatara iki 9 nömrəli vaqon bərkidirlər. 9-cu vaqona bilet alan sərnişinlər isə normal adam olduqları üçün hamısı 9-cu vaqona minirlər. 8-cidən sonra gələn 9-cu vaqona.
Çünki hər bir normal adam bilir ki 9-cu vaqon 8-cidən sonra gəlir və heç kimin ağlına gələ bilməz ki, 9-cudan sonra daha bir 9-cu gəlsin. Bir sözlə qatar tərpənir və təəccüblənmiş ikinci 9-cu vaqonun bələdçisi gəlir qatar rəisinin yanına:
- Mənim vaqonum boşdur.
- Hansı vaqon?
- 9-cu
- Maraqlıdır. Yəqin kassada yenə nəyisə səvs salıblar – deyə rəis də öz növbəsində təəccüblənir və növbəti stansiyaya radioqramma göndərir “Təcili 9-cu vaqona bilet satın”.

Növbəti stansiyada qatar 3 dəqiqə dayanır. 9-cu vaqona bilet satan sərnişinlər də normal adam olduqlarından özlərini verirlər birinci 9-cu vaqona. Sərnişinləri çay içib yatmağa uzanan bələdçi bu qədər dublikatı görüb dəhşətə gəlir və heç kimi vaqona buraxmır.
- Yoldaşlar burada hansısa yanlışlıq üz verib məndə cəmi iki boş yer var. Qalanınız isə qaçın qatar rəisinin yanına. O birinci vaqondadır, özüdə bir az tələsin yoxsa qatar bu dəqiqə tərpənəcək.

Əlləri çanta ilə çamadan ilə dolu olan sərnişinlər hövlang qaçırlar birinci vaqona. Orada rəis onları təəccüblə qarşılayır.
- Bu qədər adam haradan gəlirsiniz?
- 9-cu vaqondan orada bütün yerlər doludur – və əllərindəki biletləri ona uzadırlar.
Rəis başa düşür ki, nəyisə başa düşmür. Lakin başa düşmür ki, məhz nəyi başa düşmür. Özüdə camaatın qanuni bileti var. Ona görə də tez-bazar hamını ilk vaqonlarda birtəhər yerləşdirir sonra dərindən nəfəs alıb tərpənməyə icazə verir.
Bu zaman içi hələdə boş olan ikinci 9-cu vaqonun bələdçisi rəisə yaxınlaşır:
- Mənim vaqonum boşdur.
- Nə ?! – deyə, dəli olduğunu düşünən, rəis soruşur. Sonra bələdçi ilə birlikdə vaqonların böyrü ilə 9-cu vaqona tərəf gedir və görür ki, qatarın iki 9-cu vaqonu var. Rəis nəhayət ki, nəyin baş verdiyini başa düşür. Dərindən nəfəs alıb qayıdır öz kupesinə və növbəti stansiyaya radioqramma yollayır. “9-cu vaqonu qatardan ayırın”.

Hadisə gecə baş verir və vaqonu ayıranlar 9-a qədər saymağı bacaran normal adamlar olurlar. Ona görə də qatarı hissə-hissə ora-bura sürüb 9-cu vaqonu ayırıb atırlar ehtiyyat yola və rəisə məruzə edirlər. Rəis üçüncü dəfə dərindən nəfəs alıb əmr verir ki, qatar yola düşsün. Sonra isə dərin yuxuya getmək arzusu ilə yerinə girir. Bir azdan hələ də boş olan ikinci 9-cu vaqonun bələdçisi rəisin yanına gəlir.
- Mənim vaqonum boşdur!
Bunu eşidən rəisin dəli olub olmadığı məlum deyil. Yalnız o məlumdur ki, Ukraynaya gedən qatarın, dolu 9-cu vaqonunun sərnişinlərindən biri gecənin bir aləmi siqaret çəkmək üçün tambura çıxır və fikirləşir “Xeyir ola qatar səhərdən tərpənmir?”. Başını pəncərədən çıxarıb sağa sola baxır və görür ki, nə qabaqda nə dalda vaqon zad gözə dəymir ətraf da çöllük-düzənlikdir və ehtiyyat yolu yalnız ay işıqlandırır.






Комментариев нет: